40-dan çox tərəfdaş şirkətlə səhər yeməyi formatında görüş keçirilib.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfdaş şirkətlərlə əməkdaşlığın yeni formatda inkişafı məqsədilə səhər yeməyi təşkil edib.
Tədbirdə mərkəzlə uzun müddətdir əməkdaşlıq edən müəssisələrlə yanaşı, tərəfdaşlığa yeni başlayan və bu istiqamətdə danışıqları davam etdirən kiçik, orta və iri biznes strukturlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Səmimi və açıq müzakirələr şəraitində keçən görüş zamanı qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti qiymətləndirilib, görülən işlər müzakirə edilib və tərəflər öz gələcək fəaliyyət planlarını təqdim ediblər.
Bununla yanaşı, yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı öhdəliklər üzrə razılıq əldə edilib. Səhər yeməyində Kapital Bank, Azərsun Holding, United Payment, Prosol, Azera Holding, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və digər tərəfdaş müəssisələrin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində peşə təhsili ilə biznes sektoru arasında əməkdaşlığın genişləndirilməsi, potensial layihələr, təcrübə proqramları və yeni əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda uzunmüddətli əməkdaşlıq edən şirkətlərə təşəkkürnamələr təqdim olunub, birgə fəaliyyətin dəyəri və gələcək əməkdaşlığa olan etimad vurğulanıb.